beynalxalqictimainazaret.az

Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır

Tarix:22-11-2023, 13:58
Baxış Sayı:120

Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır


Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov - Azərbaycanın müstəqillik tarixi ilə  demək olar kı yaşıd olan Yeni Azərbaycan Partıyasının yaranması dövrün tələbi idi.  İnsanlar  bu partiyaya böyük inam bəsləyirdi. Bu da əsassız deyildi. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin dövlət, dövlətçilik, müstəqilliklə bağlı  qətiyyətli addımlarını  və göstərdiyi siyasi iradəni  yüksək qiymətləndirirdi. XX əsrin 80-ci illərin sonu və 90-cı illərində baş verən bir neçə tarixi hadisələr zamanı bu dahi şəxsiyyətin cəsarətli və qeyri-adi münasibətini    xatırlatmaqla fikrimizi əyani sübut edə bilərik.  Yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən faciə  zamanı Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd  yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və  güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.   20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndər  Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən öz  çıxışında deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...” Həmin dövrdə  ölkəyə rəhbərlik edənlər tərəfindən Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı.  Belə bir absurd fikir yaranmışdı ki, sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Əlbəttə ki, yalan idi və həqiqəti əks etdirmirdi.    Çünki Ermənistandan azərbaycanlıların tarixi torpaqlarından qovulması, 20 Yanvar hadisəsinin baş verməsi,  Azərbaycana qarşı edilən ədalətsizlik,  Ermənistanın Qarabağı və Şərqi Zəngəzuru işğal etməsi,  insanlar öz yurdunda  məcburi köçkün vəziyyətinə düşməsi,  azərbaycanlılara qarşı soyqırımı törədilməsi – bütün bunlar Azərbaycan xalqında haqlı olaraq Sovet rejiminə  inamsızlıq yaradırdı. O zaman,  Naxçıvan Muxtar Respublikasında Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdir. Əlbəttə ki, bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Qeyd etmək lazımdır ki, 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. 

Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ulu Öndər Heydər Əliyev də bu tarixi və obyektiv zərurəti görür və hiss edirdi. Bunu onun  91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə  verdiyi cavabdan da  aydın etmək mümkün idi. O yazırdı:  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Bu təşkilat müasir Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə  yarandı. Və xalqın etimadını qazandı.

Lakin bir məqamı da vurğulamaq lazımdır ki, o dövrdə bir çox qüvvələr, xüsusi ilə də  xalqın heç bir problemini həll edə bilməyən, sadəcə öz himayədarlarının  tapşırıqlarını yerinə yetirən qruplar  Yeni Azərbaycan Partiyasının fəaliyyətinə maneə olur,  onu nüfuzdan salmağa çalışırdılar. Lakin zaman göstərdi ki, bu partiya  dövlətimizin müstəqilliyi,  xalqımızın firavanlığı, ərazi bütövlüyümüzün, suveren hüquqlarımızın bərpası üçün  böyük mübarizə yolu keçdi və qarşıya qoyulan məqsədlərə doğru adım-addım getdi.   Artıq Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, dünyada da öz nüfuzunu artırmaqdadır.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən çox şaxəli siyasət və əməkdaşlıqlar nəticəsində  Azərbaycan bir çox parametrlər üzrə inkişaf etmişdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti, nəqliyyat siyasəti enerji və nəqliyyat dəhlizlərinin yaranmasına  səbəb olmuşdur. İcra olunan layihələr bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı.  Belə ki, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığın qurulması zərurəti yaranmışdır.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkənin gələcək strateji hədəflərini elə planlaşdırıb ki,  uzunmüddətli dayanıqlı və davamlı  inkişaf təmin edilsin.  Vaxtı ilə Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir.”  Artıq bu arzu deyil, biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatların çox böyük əhəmiyyəti var. Bu həm də ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da  öz əksini ifadə edir. Vətən müharibəsində parlaq Qələbə qazanaraq,  Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Tarixi torpaqlarımız erməni işğalından azad olundu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri öz töhfələrini verməklə, canları, qanları bahasına  qəhrəmanlıq göstərərək tarixi Qələbəni qazandı. Bu Qələbə hər bir azərbaycanlıya  stimul verdi, ləyaqətini qaytardı, əyilmiş qamətini dikəltdi.  Əlbəttə bu həm də aparılan uzaqgörən, düşünülmüş, müdrik siyasətin nəticəsi idi.   

Yeni Azərbaycan Partiyası islahatlar açıq bir siyasi təşkilatdır. Zamanın  yeni çağırışlarına, yaranmış reallıqlara müsbət reaksiya verməyə, uyğun islahatları keçirməyə hər zaman hazırdır. Elə 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayını təşkilatın  yeni inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 720 830 üzvü var. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin olundu. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.  Ümumiyyətlə qeyd etmək lazımdır ki, qadınların siyasi fəaliyyətə cəlb olunması, gender bərabərliyinin təmin olunması, bu sahədə çətinliklərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Partiya üzvlərinin 48,7%-ni qadınlar, 34,6%-ni isə gənclər təşkil edir. Ölkədə fəaliyyət göstərən 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına  birləşmişdir.  Partiya daxilində struktur dəyişiklikləri aparılmışdır.  Yeni şöbələrin yaranması bir daha onu göstərir ki, Partiya cəmiyyətdə baş verən bütün məsələlər adekvat cavab verə bilir. Yeni Azərbaycan Partiyası ölkədə və qardaş ölkələrdə baş verən heç bir prosesdən kənarda qalmır. Həm iqtidar-müxalifət dialoquna öz töhfəsini verir,  həm də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər keçirir.

İqtidar partiyasının hakimiyyətdə olduğu son 20 ildə həyata  keçirilən   sosial islahatlar,  ölkənin sosial-iqtisadi sahəsində əldə etdiyi nailiyyətlər bir daha göstərir ki, bu təşkilat bütün istiqamətlər üzrə etimadı doğrultmuşdur.  Bu beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Belə ki, Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatmışdır.  ÜDM-nin real həcmi 4 dəfə artmışdır. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artmışdır. Ötən müddət ərzində  minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmış,  pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatmışdır.   2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlmışdır. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılmışdır.

Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilmış, regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötmüş, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatmışdır. Böyük hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunmuşdur.  43 Olimpiya İdman Kompleksi tikilmişdir. Artıq 3 ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzurda nəhəng miqyaslı bərpa-tikinti işləri aparılır.   Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan vəsait ayrılmışdır.

Bu gün biz çox sevinirik ki, Yeni Azərbaycan Partiyasını sədri, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  dövlətimiz həm ərazi bütövlüyünü, həm də suveren hüquqlarını bərpa etmişdir. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.” Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcəkdir.

“Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində xüsusi yeri var. Yeni Azərbaycan Partiyası xalqın etibarını   qazanıb   və   bundan   sonra da təşkilatın sədri, Prezident İlham  Əliyevin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha  möhtəşəm uğurlara imza atacaqdır.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır