Ağcabədi rayon Muğanlı kənd ərazi icra nümayəndəsi Fərəc Fərəcov - Ölkəmizin dilbər guşələri olan Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərində Azərbaycanın üçrəngli bayrağının ucaldılmasının bir ili tamam olur. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail oldu. Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Bu sevinci və qüruru xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaşatdı.
Dövlət başçımız ötən il oktyabrın 15-də işğaldan azad edilmiş Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən xatırlatdı ki, mən ilk dəfə prezident seçilərkən xalqa söz vermişdim ki, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, ölkəmizin ərazi bütövlüyünü qoruyacağam: “Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Cənab Prezident ona görə dediklərini reallığa çevirə bilir ki, xalq ona inanır, etimad göstərir və hər addımda dəstəkləyir. Ona görə də dövlət başçımız Xankəndidə xatırlatdı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.
Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. İnanırıq ki, qələbə əbədi bizimlə olacaq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqı yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Dövlət başçımızın Xankəndidəki çıxışının bütün müddəaları bizim üçün maraqlı və əlamətdar olsa da, bəzi məqamlar var idi ki, onları məhz xüsusilə vurğulamalıyıq. Məsələn, dövlət başçımız xatırlatdı ki, indi üstündə Azərbaycan Gerbi görünən, qarşısında Dövlət Bayrağımız dalğalanan bu bina keçən əsrin 60-cı illərində Azərbaycan büdcəsi hesabına inşa edilmişdir. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binası idi. “Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışlar. Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi”.
Bəli, cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bu qədər ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər.
Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etdi. Bu gün Azərbaycanın bütün yaşayış məntəqəllərində, dövlət müəssisələrində, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə, üzvü olduğumuz beynəlxalq təşkilatların önündə Azərbaycan Bayrağı dalğalanır. Hətta, kosmosdakı rabitə peyklərimizin üzərində də üçrəngli, ay-ulduzlu müqəddəs dəyərimizin şəkili var. Lakin Xankəndidə dalğalanan bayrağımızın əzəməti özgə aləmdir. Əminik ki, Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.