beynalxalqictimainazaret.az

Hacı Salayev: Sözün, andın reallığa çevrildiyi gün

Tarix:16-10-2024, 10:32
Baxış Sayı:38

Hacı Salayev: Sözün, andın reallığa çevrildiyi gün


Hacı Salayev - 15 oktyabr 2003-cü il Azərbaycan xalqının tarixində və taleyində mühüm yer tutur. 15 oktyabr 2023-cü il tarixinə - Xankəndidə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının və suverenliyinin təmin olunmasının rəmzi olan üçrəngli Azərbaycan bayrağının ucaldılmasına qədər uzanan 20 illik bir mərhələ tariximizə İlham Əliyev erası kimi daxil olmuşdur.  Prezident İlham Əliyevin siyasi portretinin, onun fərdi obrazının əlamətdar ştrixlərinin əks olunduğu bu mərhələdə müstəqillik dövrünün taleyüklü məsələlərinin həllinə doğru qətiyyətli addımlar atıldı, gələcəyə strateji baxış formalaşdırıldı.
15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursunun davamçısı kimi dövlət rəhbəri seçilən İlham Əliyev estafeti iki əsrin və minilliyin qovşağında qəbul etdi. Onun üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəd idi. İlham Əliyev ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq siyasi arenaya atıldı. Onun qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açılmışdı. Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün mənbəyində millilik, vətən və xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri dayansa da, həm də Qərb və Avropa modellərinə münasib intellekt möhkəm yer tuturdu. Məhz buna görədir ki, bu gün dünya siyasi arenasında baş verən hadisələri düzgün təhlil edərək müasir dövrün Lideri kimi çevik reaksiya verə, bütün kənar təsir və təzyiqləri soyuq məntiqlə neytrallaşdıra bilir.
Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışına nəzər salanda 20 il sonra onun verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq.  Ona görə də 15 oktyabr tarixi sözün, andın reallığa çevrildiyi gündür.
Qətiyyətli siyasi iradə, dünyanın ictimai-siyasi gedişatını dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyənləşdirilən strategiyanı  dönmədən həyata keçirmək istedadı, cəsarət və ədalətlilik - bütün bu xüsusiyyətlər bu vəzifələri yerinə yetirməkdə ona kömək etmişdir. "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deyən dövlət başçısının 20 ildə etdikləri sadəcə bir "Azərbaycan möcüzəsidir".
Xalqın milli lideri kimi o, ilk növbədə tariximizdən bizə miras qalan qanlı günləri, matəmləri, illərdir həllini tapmayan problemləri həll edib yeni dövlət, yeni milli kimlik və yeni təqvimin əsasını qoydu. Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. Ölkəmizin adını XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olaraq tarixə yazdırdı. Təkcə torpaqlarımızı, suverenliyimizi deyil, itirilmiş nüfuzumuzu, etibarımızı, ləyaqətimizi və birliyimizi də özümüzə qaytardı.
Andiçmə mərasimində strateji hədəflərini bəyan edən dövlət başçısının 21 il ərzində yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün dünyanın aparıcı, sözünü diktə edən ölkələrindən birinə çevrilib. Ümumilikdə indiyə kimi ölkəmiz 19 ölkə ilə strateji tərəfdaşlıq və 3 ölkə ilə müttəfiqlik sazişlərinə imza atıb. Dövlət başçısının uzaqgörən xarici siyasət kursu nəticəsində Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 89-a, xarici diplomatik missiyalarının ölkəmizdəki ümumi sayı 65-ə çatıb.
Azərbaycan 2003-2023-cü illərdə bir sıra mötəbər beynəlxalq təşkilatların üzvü olub və ya onlara sədrlik edib. Xüsusilə Vətən müharibəsindən sonra Türkiyə və türk dövlətləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi-iqtisadi və mədəni münasibətlər daha da intensivləşib. Ölkəmiz müstəqil siyasət həyata keçirərək heç bir hərbi bloka qoşulmayıb. Hətta 2011-ci ildə bloklara Qoşulmama Hərəkatına üzv olaraq hərbi bloklara qoşulmaqla bağlı aparılan müzakirələrə son qoyub. Göstərilən etimad əsasında Azərbaycan iki dövr üzrə Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Proaktiv xarici siyasətin digər bir nəticəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi olub.
"İqtisadi olaraq müstəqil olmayan dövlət siyasi olaraq müstəqil ola bilməz" prinsipini əsas götürən dövlət başçısı enerji layihələrindən əldə olunan gəlirləri Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə yönəldib.
Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artıb. Ölkəmiz məhz İlham Əliyev dövründə beynəlxalq valyuta təşkilatlarına olan borclarını azaldaraq borc alan dövlətdən borc verən dövlətə çevrilib. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Ölkəmiz regional layihələri heç bir beynəlxalq təşkilatın dəstəyi olmadan, hətta bəzi xarici qüvvələrin mane olmasına baxmayaraq həyata keçirib. Enerji və nəqliyyat sahələrində həyata keçirilən xarici siyasət Azərbaycanın strateji dəyərini artırıb.
Dənizlərə çıxışı olmayan 37 dövlətdən biri olan Azərbaycan şərq-qərb və şimal-cənub arasında körpü rolu oynama imkanına sahib bir ölkəyə çevrilib. Belə ki, məhz İlham Əliyev dövründə həyata keçirilən nəqliyyat siyasəti bu mənada Azərbaycanı dənizlərə çıxışı olmayan dövlətdən tranzit ölkəyə çevirib.
Prezident seçildiyi gündən etibarən İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoyub və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artıb.
Ölkəmiz bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri uğurla fəaliyyət göstərir.
2026-cı və 2028-ci illərdə daha iki peyk orbitə buraxılacaq. Bu yaxınlarda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurları olan ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Prezidentin 20 illik fəaliyyəti dövründə Azərbaycan vətəndaşının problemləri, qayğıları həmişə diqqət mərkəzində olub. Xüsusilə vətənpərvər gənclərin yetişdirilməsi, rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksəkixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. Səhiyyə sahəsinin inkişafı istiqamətində bir sıra islahatlar həyata keçirilib. 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan icbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.
Hazırda Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının, ən əsası noyabr ayında COP29 tədbirinin keçirilməsinin ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir.
Bu qeyd olunanlar 20 illik dövrdə əldə edilmiş uğurların kiçik bir hissəsidir. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır.
Dövlət başçısının dövlət və xalq qarşısında ən böyük xidməti qələbə və qalib dövlət anlayışını dəyişməz bir reallıq olaraq xalqımızın şüuruna, kimliyinə və tarixinə həkk etdirməsidir. Bu gün fəxr hissi ilə deyə bilirik ki, biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və birgünlük lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük qayıdışa açmışdır. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu qələbə sayəsində regionda yeni reallıqlar yaranıb.
İlham Əliyev həm də qurucu liderdir. Qələbədən sonrakı dörd il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə şəxsən özü nəzarət edir. Həmin əraziləri qarış-qarış gəzir, bərpa-quruculuq prosesinin gedişatı ilə maraqlanır, açılışlar edir, tapşırıqlar verir.
Beləliklə, 2003-cü ilin oktyabrında Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. O, dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Tarix sübut etdi ki, İlham Əliyev XXI əsrdə zamanın məzmunu, sürəti, enerjisi və miqyası səviyyəsində siyasi liderdir. O, heç vaxt real olmayanı demir. Güclü, cəsarətli, ədalətli və müdrikdir.
Güclüdür, ona görə ki, Xalq-Ordu-Lider tandemi ilə 30 ilə yaxın davam edən bir münaqişəni bütün təzyiqlərə rəğmən həll etdi. Tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini xalqımız və ordumuz məhz İlham Əliyevin rəhbərliyi ilə özü icra etdi.
Cəsarətlidir, ona görə ki, erməni lobbisinin maliyyə dəstəyi ilə "bəslənən" ABŞ konqresmenlərinin, avroparlamentarilərin COP29 qabağı hər cür təzyiq və təsirlərinə qalib xalqın qalib Lideri kimi mərdliklə sinə gərir, "Heç kim bizim iradəmizə təsir edə bilməz! Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz! Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik" deyir. Bunun davamı olaraq Prezident İlham Əliyev "Rossiya-1" telekanalına müsahibəsində ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib. Dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin Ermənistanı blokadada saxlaması barədə qondarma ittihamla Azərbaycana qarşı sanksiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Ölkə rəhbəri vurğulayıb ki, bu sanksiyalar 2001-ci ildə ABŞ-nin öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit yolla daşımalı olduğu vaxt aradan qaldırılıb: "Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil".
Ədalət tərəfdarıdır, ona görə ki, siyasi, iqtisadi, mədəni hüquqları tapdanan, XXI əsrdə hələ də müstəmləkə şəraitində yaşayan ölkələrin, xalqların yanındadır. Azərbaycan bu gün Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərə dostluq əlini uzadır, onlara kömək edir. Bunun üçün Bakı Təşəbbüs Qrupu yaradılıb. Onların birinci qurultayı keçirilib, Bakıda keçiriləcək COP29 sammitinə dəvət edilib. Azərbaycan onların dünyada haqq səsinə çevrilib.
Nəhayət, müdrikdir, ona görə ki, zamanı qabaqlamağı bacarır, gələcək hədəfləri Lider uzaqgörənliyi ilə müəyyənləşdirir. Prezident bu il fevralın 7-də qədirbilən xalqımızın böyük dəstəyi ilə yenidən ölkə rəhbəri seçilməsindən sonra etdiyi çıxışında artıq 20 illik bir mərhələnin sona çatdığını, yeni mərhələyə qədəm qoyduğumuzu, dövlətimizin, xalqımızın qarşısında yeni çağırışlar və hədəflər dayandığını qeyd edib. Əslində, bu yeni mərhələnin əsasını Vətən müharibəsində və sonrakı dövrdə qazandığımız qələbələr qoymuşdur.
Yeni dövrün yeni hədəflərindən biri də Qərbi Azərbaycana qayıdışdır. Yəni necə ki vaxtilə bütün Azərbaycan və dünya azərbaycanlıları qarabağlı olub Qarabağ uğrunda mübarizə aparırdılarsa, indi də hər birimiz qərbi azərbaycanlı olub bu tarixi missiyanın gerçəkləşməsində iştirak etməliyik. Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında xalqımızı bu amal ətrafında birləşməyə çağırıb: "Bu gün qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Heç şübhəsiz, Xalq-Lider tandemi, iradəsi və əyilməz ruhu buna qadirdir. Bu ali məqsədə çatmaq üçün daha neçə il mübarizə aparmağa və gözləməyə dəyər!

Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi