Seyid Agarəşid Talıbov - Füzuli şəhərinin erməni işğalından azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindən biridir. Oktyabrın 17-də bu şəhərin azad edilməsinin iki ili tamam olur. Məlumdur ki, Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 1993-cü ilin avqust ayında Füzuli rayonu işğal olundu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından aonra Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu.
44 günlük Vətən müharibəsində, oktaybrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən azad edildi. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı heç zaman unudulmayacaq. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalının təsis edilməsi də bu məqsədə xidmət edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu gün azad edilmiş digər ərazilərdə olduğu kimi Füzulidə də erməni vandalizmi özünü aydın şəkildə göstərir. Belə ki, işğal dövründə Füzuli şəhəri və rayonun kəndləri tamamilə məhv ediliblər. Bütün bunlara görə, Ermənistan dövləti törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməkdədir. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək.
Hazırda Füzuli rayonunda böyük bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev dəfələrlə bu bölgəyə səfər edərək rayonun bərpasının rəmzi olan təmməllər atıb. Xalqımız əmindir ki, azad olunmuş ərazilərimizdə sürətli bərpa işləri nəticəsində tezliklə həyat öz axarına qayıdacaq, insanlar doğma yurdlarına qayıdaraq firəvan həyat sürəcəklər.