beynalxalqictimainazaret.az

Nəbi İskəndərov: Ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğı nümunəvi xarakter daşıyır

Tarix:21-09-2022, 11:28
Baxış Sayı:308



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov - “Rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, milli qürurumuzu, milli kimliyimizi özümüzə qaytardı. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  tarixi Zəfəri bizlərə yaşatdıqlarına görə hər zaman Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını  ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Dünyaya səs salan şanlı Qələbəmizin qəhrəmanları  canlarından, qanlarından keçərək tarix yazan,  torpaqlarımızı düşmən tapdağından azad edərək şəhidlik zirvəsinə ucalan Vətən oğulları, sağlamlıqlarını itirən qazilərimiz, müharibə iştirakçılarıdır. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında onların qəhrəmanlığı, şücaəti önə çəkilir,  həyat yollarının indiki və gələcək nəsillər üçün bir məktəb olduğu bildirilir. Prezidentin sərəncamları əsasında 27 sentyabrın Anım Günü, 8 noyabr tarixinin isə Zəfər Günü kimi təsis  edilməsi də  Vətən oğullarının göstərdikləri qəhrəmanlıqların təsdiqi və təbliği  məqsədi daşıyır.”

Bu fikirləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov bildirib.

Dövlət hər zaman  vətəndaşlarının yanındadır: “İnsan amili Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edir.  Cənab İlham Əliyevin bütün çıxışlarında bu çağırış yer alır ki,  atılan addımların əsasında vətəndaş amili dayanır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsində də insan amili  özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyev bildirir ki,  30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın  daha yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımlar  atılmalıdır.  Bu gün həmin ərazilərdə həyata keçirilən və dünyanın diqqətində olan  «ağıllı şəhər»  və «ağıllı kənd» layihələri də deyilənlərin təsdiqidir.”

Azərbaycan müharibə şəraitində yaşasa da 30 ilə yaxın dövrdə   öz iqtisadi imkanlarını artırmaq, inkişaf modelini dünyaya təqdim etmək üçün səylər göstərib:  “İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Son illərdə neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində  qeyri-neft sektorunun inkişafı təmin edilir. Regionların malik olduğu  imkanlardan maksimum istifadə etmək üçün regional inkişaf  proqramları uğurla icra edilir. Azərbaycanın hər bir layihəni uğurlu sonluqla  başa çatdırması  onun təşəbbüsləri reallığa çevirən ölkə mövqeyinə yeni əlavələr edir.  Bu gün Azərbaycan  işğaldan azad edilmiş bütün ərazilərimizdə  bərpa və quruculuq işlərini  öz daxili imkanları hesabına həyata keçirir. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin nəticələridir.”

Nəbi İskəndərov qeyd olunanlar fonunda günümüzün əsas çağırışı olan  şəhid ailələrinə, qazilərimizə dövlətin diqqət və qayğısından da bəhs edib: “Təbii ki, hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı vəziyyəti, şəhid və qazi ailələrinin sosial müdafiəsi xüsusi önəm kəsb edir. Tarixi Zəfərimizin ilk günündən bu kateqoriyadan olan  insanlara dövlətin diqqət və qayğısı davamlılığı ilə diqqəti cəlb edir. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən tarixi Zəfərimizin qazanılmasında Vətən yolunda canını fəda edən şəhidlərin və qazilərin misilsiz qəhrəmanlıq göstərdiklərini xüsusi vurğuladı. O da təsadüfi deyil ki, müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan sonra  dövlət başçısı İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın ilk görüşü  1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə oldu. Ölkə Prezidenti o zaman görüşün səbəbini belə əsaslandırmışdı ki,  müharibə başa çatandan dərhal sonra gəlmişəm sizə öz hörmətimi ifadə edim: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın.”

Dövlət başçısı İlham Əliyevin bu fikirləri özündə bütün məqamları  ehtiva edir: “Cənab Prezident həmin görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki,  ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq.  Onları normal həyata qaytarmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edərək bildirirəm ki,  qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq.”

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində tədbirlər həyata keçirilir” söyləyən Nəbi İskəndərov qeyd edib ki, dövlət başçısı  tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezidentin şəhid ailələrinə və müharibə əlillərinə  qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir: “Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın­dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da bu diqqət və qayğının tərkib hissələridir.  Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən,  2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulmasını xüsusi qeyd etməliyik. Ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinə və qazilərə təhvil verilib. 2025-ci ilə qədər mənzillə təmin olunmayan bir nəfər də olsun şəhid ailəsi və Qarabağ qazisi qalmayacaq.”

Ölkə Prezidenti İlham Əliyevin  müvafiq Fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq proble­mi aradan qaldırılır. Prezidenti­n “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında”  fərmanları şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasının, onlara göstərilən dəstəyin, davamlı qayğının bariz nümunəsidir.

Şəhid ailələri və qazilərdən bəhs edərkən  dövlət başçısı İlham Əliyevin  2020-ci ildə  imzaladığı  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradıl­ması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bu statistik rəqəmlər öz əksini tapıb ki, Fonda 73 milyon manatdan artıq vəsait toplanıb. Xərclənən məbləğ təxminən  62 milyon manatdır. Xərclənən vəsait əsasən bu vətəndaşların məişət şəraitinin yaxşılaşdırılmasına, təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafına, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə yönəlib.

Bəzi qazilərimizin, müharibə iştirakçılarının müəyyən tələbləri hər zaman dövlətin, ölkə Prezidentinin atdığı addımların əhəmiyyətini azaltmaq, onlara qara eynək arxasından baxmaq yolunu tutan  antimilli dairələr üçün öz çirkin məqsədlərini həyata keçirməkdə bir vasitəyə çevrilib. Hesab edirəm ki, antimilli ünsürlərin qazi kimi şərəfli ada xələl gətirmək cəhdləri qətiyyən yolverilməzdir. Dövlətimiz hər zaman tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin  ailələrinin, qazilərimizin yanındadır.

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib