Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev - Bir dövlətin qüdrətini göstərən amillərdən biri də onun ordusudur. Ordu xalqın güvən yeri, arxayınlığı, inam yeridir.
44 günlük müharibə zamanı müzəffər ordumuz xalqımızın özünəinam hissini birə-min artırdı. 30 ilə yaxındır qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan igidləri səbirlə haqq-ədalətin bərpa olunmasını gözləyirdilər. Lakin bununla belə, arxayın da oturmurdular. Vətənin müdafiəsi üçün canından keçməyə hazır olan, dağlar aşan, sellər keçən, sıldırım qayalara yalın əllə dırmaşan igidlər nəsli yetişdirilmişdir.
Müdrik atalarımız deyiblər ki: “Qurdla dostluq edənin çomağı əlində gərək”. 30 ilə yaxın dünya ictimaiyyətinin ədalət göstərəcəyinə inandıq. Xain qonşularımız isə silahlandı, qudurdu, azğınlaşdı. Elə bildi ki, qorxuruq, zəifləmişik. Lakin Ali Baş Komandanının uzaqgörən siyasəti nəticəsində Azərbaycan yenilməz bir ordu formalaşdırmış, onu müasir hərbi texnikalar ilə tam təmin etmşdir. Bu hərbi hazırlıq informasiya cəbhəsində də özünü yüksək səviyyədə göstərdi.
Xalq 44 günlük müharibə ərəfəsində hərbi və informasiya sahəsində ordumuzun göstərdiyi elə şücaətlərin şahidi oldu ki, bu heç vaxt xəyallarda ağıla gətirmək olmazdı.
Müzəffər ordumuz xalqımıza, xalqımız isə ordumuza arxa oldu. Xalq və ordunun birliyi sayəsində Vətən torpağı azad oldu, 30 il qəlbimizdə qübar bağlamış yaralarımıza məlhəm oldu.
Düzdür, şəhidlərimiz üçün hər bir azərbaycanlının qəlbi göynəyir, ancaq bu ağrı, bu acı başımızı dik tutmağa, vətənin belə oğulları olduğuna görə fəxr etməyə səbəb oldu.
Azərbaycan əsarətdə olan torpaqları üçün utancla başını aşağı dikib ağlamır. Azərbaycan azad olunmuş torpaqları uğrunda şəhid olan övladlarını yada salaraq başını dik tutaraq gələcəyə baxır.
Şəhid olan hərbi qulluqçuların orden və medalları ailələrinə təqdim olundu
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general mayor Zaur Abdullayev və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər. Çıxış edən Rafiq Quluyev və Zaur Abdullayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıblar. Qeyd olunub ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salınıb və onların qəhrəmanlıqlarından söz açılıb.
Qeyd olunub ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.
Daha sonra Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı, kapitan Həsənov Ceyhun Aydın oğlunun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, kapitan Şikarov Nəcəf Şikar oğlu və baş leytenant Abbaslı Arif Firuz oğlunun təltif olunduqları “Qarabağ” ordenləri, əsgər Quliyev Barat Nizami oğlunun təltif olunduğu "Vətən uğrunda" medalı onların ailələrinə təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Şəhid baş leytenant Kərimov Sənan Rəhman oğlunun orden və medalı ailəsinə təqdim olundu
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif olunmuş şəhid baş leytenant Kərimov Sənan Rəhman oğlunun orden və medalını ailəsinə təqdim etmişdir.Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər.
Şəhidin atası göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdi.
Sonra şəhidin orden və medalı ailəsinə təqdim olundu.