Müasir Azərbaycanın inkişaf tarixindən bəhs edilərkən ölkənin əldə etdiyi uğurların mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət xüsusi yer tutur. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz son illər ərzində siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuz və milli həmrəylik baxımından mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan dövlətinin daha da gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi və milli maraqların qətiyyətlə qorunması olmuşdur.
İlham Əliyevin daxili siyasətində vətəndaş amili hər zaman ön planda dayanmışdır. Ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikilməsi, yolların yenilənməsi və regionların inkişafına yönəlmiş proqramlar insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etmişdir. Dövlət başçısının daim xalqın arasında olması, onların problemlərini dinləməsi və operativ həll yollarının tapılması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin sosial siyasəti də Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmişdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, aztəminatlı ailələrə göstərilən dəstək, yeni sosial layihələrin icrası insanların dövlətə olan inamını daha da artırmışdır. Xüsusilə həssas sosial qruplara göstərilən diqqət dövlət siyasətinin humanist mahiyyətini aydın şəkildə nümayiş etdirir.
Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin güclənməsi də İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirilir. Prezident müxtəlif beynəlxalq platformalarda ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etmiş, Azərbaycanı etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirmişdir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlər quraraq regionun ən nüfuzlu dövlətlərindən biri kimi qəbul olunur.
İlham Əliyevin siyasi fəaliyyətinin ən mühüm səhifələrindən biri isə Qarabağın işğaldan azad olunması ilə bağlıdır. Uzun illər ərzində xalqımızın ən böyük arzusu olan torpaqlarımızın azadlığı Prezidentin qətiyyətli siyasəti, güclü ordunun formalaşdırılması və milli birliyin təmin olunması nəticəsində gerçəkləşdi. Bu tarixi Zəfər Azərbaycan xalqının şərəf salnaməsinə qızıl hərflərlə yazıldı və ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu.
Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyat yenidən canlanır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. İllərlə doğma yurd həsrəti ilə yaşayan insanlar artıq öz ata-baba torpaqlarına qayıdır, yeni evlərdə məskunlaşır və normal həyatlarını bərpa edirlər. Bu möhtəşəm quruculuq prosesi dövlət başçısının Qarabağın dirçəldilməsi ilə bağlı müəyyən etdiyi strateji xəttin uğurlu nəticəsidir.
Şəhid ailələri və qazilərə göstərilən diqqət də Prezident İlham Əliyevin sosial siyasətinin ən həssas istiqamətlərindən biridir. Vətən uğrunda canlarını fəda edən qəhrəmanların ailələri daim dövlət qayğısı ilə əhatə olunmuş, qazilərin müalicəsi, sosial təminatı və məşğulluğu istiqamətində mühüm addımlar atılmışdır. Bu yanaşma xalqın qəhrəman övladlarına verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin fəaliyyətində milli birlik və həmrəylik xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çağırışları ətrafında birləşən Azərbaycan xalqı ən çətin sınaqlardan alnıaçıq çıxmış, ölkənin inkişafı naminə həmrəylik nümayiş etdirmişdir. Məhz xalq və lider birliyi Azərbaycanın əldə etdiyi uğurların əsas sütunlarından biri hesab olunur.
Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevə olan etimad və rəğbətin əsas səbəblərindən biri də verilən vədlərin əməli fəaliyyətlə təsdiqlənməsidir. İnsanlar ölkənin hər bir guşəsində həyata keçirilən layihələri, qurulan yeni müəssisələri, inkişaf edən şəhər və kəndləri gördükcə dövlət siyasətinin nəticələrini real həyatda hiss edirlər. Bu isə xalqla dövlət arasında qarşılıqlı inamın daha da möhkəmlənməsinə səbəb olur.
Bu gün Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, yüksək beynəlxalq nüfuza və sabit ictimai-siyasi mühitə malik bir dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ölkənin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırmışdır. Qarabağda bərpa və quruculuq işlərinin davam etməsi, sosial rifahın yüksəlməsi, milli maraqların qətiyyətlə qorunması və Azərbaycanın dünyadakı mövqeyinin daha da güclənməsi ölkəmizin qarşıdakı illərdə də yeni uğurlara imza atacağına böyük inam yaradır.