“İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22 428 hektar təşkil edib ki, bunun da 20 403 hektarı meşə ilə örtülü olub”.
Oxu.az məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Vüqar Kərimov qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə Xocavənddə 3 537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib:
“İşğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac (yeddi ədəd şərq çinarı, beş ədəd azatağacı), iki ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli azatağacı meşə sahəsi olub”.
Eyni zamanda qeyd edilib ki, Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.