Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev - İnsan ruhunun qidası şeirdir, sənətdir. Biz sevincimizi də, kədərimizi də şeirlə, musiqi ilə ifadə edirik. O sözlər, o səslər ruhun ifadəsidir. O səsləri, o sözləri düzüb-qoşan sənətkat isə illər, əsrlər keçsə xalqın ürəyində, hafizəsində yaşayıb.
1982-ci ilin yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və poeziya evinin təntənəli açılışı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli mədəniyyətinə, ədəbiyyatına verdiyi qiymətin təzahürü idi. 1991-ci ilədək müntəzəm olaraq keçirilən Vaqif Poeziya Günləri ədəbiyyat və incəsənət nümayəndələrini bir araya gətirməklə mədəniyyətin inkişafına güclü bir təkan verirdi.
Lakin otuz ilə yaxındır ki, Vaqifin gözü yolda idi. Otuz il idi ki, Cıdır düzü saz-söz ustalarını qarşılamağa hazırdı, lakin gələn-gedən yox idi.
Cıdır al-yaşıl geyinir,
Vaqifin ruhu sevinir,
Yenə toy-büsat görünür,
Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, həqiqətən, təqdirəlayiqdir. Dahi sənətkarlar yetirən Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisi, mədəniyyət beşidir. “Xarıbülbül” musiqi festifalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi müstəqil Azərbaycanda mədəni həyatın qələbəsidir.
Şuşa yalnız işğaldan azad olunmuş torpaq deyil. Şuşa azad olunmuş ruhdur, azad olunmuş mənəviyyatdır, mədəniyyətdir.Şuşaya tam mənada zəngin həyat qaytarmaq üçün təkcə infrastrukturu bərpa etmək kifayət deyil. Sözümüzü, sazımızı, mədəniyyətimizi, incəsənətimizi də bərpa etməliyik. Göründüyü kimi bunun üçün zəruri addımlar atılır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.Dövlətimizin başçısına və birinci xanıma şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr uğurla icra olunub.
Diqqətə çatdırılıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfərözünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb.
Postmüharibə dövründə 26 min nəfərə 36 min xidmət göstərilib.Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə
əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır.
“YAŞAT” Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən bu günə qədər 36 995 025.16 manat vəsait mədaxil olub. Ölkə ərazisində 2 881 şəhidin ailə üzvləri, habelə 3100 yaralı olmaqla ümumilikdə 14 579 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb, həmin şəxslərin müraciətinin icra olunması üçün öhdəliklər götürülüb. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.