Tərtər rayon 29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramov - 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu şanlı qələbə hər kəsi sevindirdi. Lakin bizi qarşıda ciddi problemlər gözləyirdi. Bəli, torpaqlarımız qaytarılmışdı, amma dədə-baba yurdumuzdan tikili bir ev, əkili bir ağac belə qalmamışdı. Televiziyadan, sosial şəbəkələrdən gördüyümüz Qarabağın müxtəlif bölgələri haqda olan video-çarxlar qəlbimizi ağrıdırdı. Hər tərəf yerlə yeksan olunmuş, azğın düşmən məscidlərə, dini ocaqlara, qəbirlərə belə mərhəmət etməmişdi. Erməni vandalizmi hər addımbaşı görünürdü, onlar bütün izlərimizi silməyə çalışmışdılar. İşğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdisə, 2020-ci ildə bu göstərici 174 min hektar idi. Demək ki, 54 min hektar meşə fondu məhv edilmişdi. Ekologiyamıza ciddi zərər vurulmuşdu. Xalq isə bu məsələdə də prezidentinə güvənirdi. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəldilməsi sözünü vermişdi. Tarixi qələbədən qısa müddət sonra Prezident özü şəxsən Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla və s. səfərlər etdi. Bu səfərlər tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyev Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlərində doğma yurda-Qarabağa çəkiləcək yolların əsasını qoyur, regionda ediləcək bərpa işləri ilə tanış olur, göstərişlər verirdi. Qələbəmizin üstündən 7-8 ay keçib, amma artıq edilən dəyişikliklər heyrət doğurur. Qarabağa həyat qayıdır. Məscidlərimiz, muzeylərimiz, körpülərimiz yenidən qurulur. Hələ də ərazilərimizin böyük qismi ANAMA əməkdaşları tərəfindən təmizlənir. Təbii ki, torpaqlarımızın tam bərpası üçün böyük bir vaxt lazımdır. Amma buna baxmayaraq Qarabağdakı işlər çox sürətlə irəliləyir. Hətta Zəngilanda "Ağıllı kənd"in inşasına başlanılıb. Artıq evlərin damı da qurulub.
Qarabağın çiçəklənməsi üçün hər kəs can-başla çalışır. Xalq səbrsizliklə o torpaqlarda məskunlaşmağı gözləyir.
Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması sonuncu mərhələ üzrə davam etdirilir.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem köklü şəkildə aradan qaldırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.
Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.
Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə səfərbər olunub.
Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...